Reklam verin!
HostGator
     
 

Manısın bloqu

Düşündüyümüz dilimizdədir!

Azərbaycan teatrı haqqında “humanitar işlər üzrə” qeydlər

 

5 fevral 2008-ci il

Qara Qarayevin Filarimoniyada keçirilən 90 illik yubileyində səhnədə böyük bəstəkarın qızıldan qiymətli sözlərini nəyə görəsə rus dilində (əslində orijinalında) deməyə çalışan, amma rusca məndən betər aksentlə danışdığına görə yeyib-içmək məclislərində tost deyən qafqazlı obrazlara bənzəyən baş nazirin müavini Elçinin telefonunu söndürməyi unutduğu o məşum gün. Bəli, o gün Filarimoniynın ağzına qədər dolu zalında səhnədə danışan yazıçı Elçinin cib telefonuna zəng gələndə bir daha mənə ayan oldu ki, bizim xalqa ucdantutma mədəniyyət dərsi demək lazımdır. Ya da heç deməmək, bəstəkar Elmir Mirzəyevin təbirincə desək Filarmoniyanı kababxanaya çevirmək lazımdır.

Əgər baş nazirin müavini səhnədə çıxış edən zaman telefonunu söndürməyi unudursa (Tanrı bu biabırçılığı düşmənimə də qismət etməsin), bu xalqın zalda oturub konsertə, tamaşaya baxanından nə gözləyirik?
Elə həmin gün konsert başlamamışdan bir az əvvəl Filarmoniyanın qarşısında yer-yuvasından qovulmuş Bakı Kamera Teatrının həmişə baş rollarda oynayan çox istedadlı aktyorunu gördüm. Nəyə görəsə aktyor qardaşımız bir balaca əsəbi idi. Özünün dediyinə görə Akademik Dram Teatrda baş vermiş bir əhvalat onu yamanca narahat edibmiş. Məsələ belə olub: Martın 1-8 arasında orada tamaşa (bəli, məhz TAMAŞA) göstərəcək Coşqun və Rəfaelin iri həcmli afişasını teatr binasının fasadında görən Səyavuş Aslan bərk hirslənib və işdən çıxmaq barədə rəhbərliyə məlumat verib. Səyavuş müəllim deyirmiş ki, bəs mən filan qədər ildir Azərbaycan teatrına can qoyuram, amma indiyədək mənim belə afişam olmayıb-filan. Xülasə, yaradıcı qısqanclıq.
Anlamıram, bəyəm Səyavuş Aslan müəllim mərhum Hacıbaba Bağırovla öz dövrünün Rəfael-Coşqunu olmayıbmı? Bəs niyə indi gənclərə qarşı belə qısqanclıq göstərir? Afişadır da, vurublar… Tamaşadır da, göstərirlər… Ümumiyyətlə, o teatrda guya belə böyük akademik tamaşalar oynanılır, maraqlı teatr hadisələri baş verir ki, indi də Rafael-Coşqunu qınayırlar?
Əzizlərim: hər bir toplumun hər bir dövrdə tamaşası və tamaşaçısı olub! Yalan sözdür ki, indi guya bizim adamlar teatra getmirlər. Gedirlər, lap yaxşı gedirlər! 16. əsrin ingilis tamaşaçısı “Hamlet”ə, 20. əsrin avropalısı “Qodonu gözlərkən”ə getdiyi kimi, 21. əsr Azərbaycan tamaşaçısı da “Parni iz Baku” və “Bu şəhərdə” teatrlarına gedirlər. Faiz nisbəti ilə götürsək yuxarıdakı hər üç toplumun adlarını çəkdiyim teatra-tamaşalara gedənləri bərabər çıxa bilər. Əgər “Bu şəhərdə” teatrı 8 gün dalbadal tamaşa göstərib bilet satırsa, amma Dram Teatrı bunu edə bilmirsə, bunun günahı kimdədir?
Bu gün kim daha aktualdır? Rafael-Coşqun, yoxsa Fuad Poladov? Vallah Məleykə Əsədova özü belə Fuad Poladovdan, Şövqü Hüseynovdan, ya da İlqar Cahangirovdan daha məşhur və seviləndir. Nə edək? Bəlkə xalqımızı – özümüz qarışıq birlikdə söyək, təhqir edək?

Teatr lazımdırmı? Ya da hansı teatr lazımdır?

Bakı Kamera Teatrını yerləşdiyi binadan qovdular, əvəzində o binada MTN`in General (!) Heydər Əliyev adına Mədəniyyət Sarayı yerləşəcək. Axı Respublikanın 3. Prezidentinin adına konsert sarayı var, hələ birini də tikirlər… Bir adamın adına neçə dənə konsert salonu olar axı? Bu görməmişlik deyil, bəs nədir? Bu bir qırağa, öz aramızdır, axı MTN hara, konsert salonu hara…
Hələ bu - Bakı Kamera Teatrı ölkədəki uzağı 1-2 yaxşı teatrdan biri, bəlkə də birincisidir. 
Bakı Uşaq Teatrının baş rejissoru İntiqam Soltan isə teatrın divarlarına hazırkı Prezidentin uşaqlar barədə cümləsini yazdırarkən elə düşünürmüş ki, bu müqəddəs sözlər yazılan divarı heç nə uçura bilməz. Ay-hay… İndi onları da binasından çıxarırlar. İntiqam bəydən soruşmaq istərdim ki, o, bu məmləkətdə uşaqların yerli-dibli olmamasından xəbərsizdir ki? Axı ölkəmizdə hamı dahi, müdrik doğulur. Hamı qocadır, hamı hər şeyi bilir. Nəyə lazımdır Uşaq teatrı?

8 milyon tamaşaçı

“Parni iz Baku”nun tamaşalarında Bəhram Bağırzadə səhnəyə çıxanda zaldan qopan alqışları xatırlamırsınız? Bəli, xalq özünün yetişdirdiyi, boya-başa çatdırdığı dahisini tanıyır, sevir və qiymətləndirir. Lütfən “hərəsinin öz tamaşaçısı var” düşünməyin. Digər teatrların heç birinin əsl tamaşaçısı yoxdur, çünki özləri tamaşaçı yarada bilməyiblər – nisbətən digərlərindən üstün olan teatrlarımızda belə sosrealizm pafosu hökm sürərkən “Bu şəhərdə” və “Parni iz Baku” bu gün Azərbaycan xalqının teatra olan ehtiyacını 100% ödəyir, cənablar! Özü də sosial təbəqələrin ən yuxarılarından ən aşağılarına qədər. Milyarderlər və taksi sürücüləri, millət vəkilləri və sıravi vətəndaş, iqtidar-müxalifət… qısası, 8 milyon əhalimizin əksəriyyəti onların tamaşaçılarıdır! Kompakt-mobil aktyor heyəti, hətta şiti-şoru çıxarılmış dərəcəyə çatan aktual mövzular – daha nə lazımdır? Nə olsun ki, intellekt azdır? Bəyəm Ağasəlim Çıldağa verilən “Şöhrət” ordeninə, hətta ondan daha aşağı səviyyəli fəxri adlara görə bir-birlərini qıran bəstəkarlar, şairlərə malik bu ölkədə intellekt  kiməsə lazımdır?
Lütfən, mənə bu ölkədə intellektin işə yarayacağı bir sahə göstərin… Bu ölkədə təhsilin bütün pillələrində rüşvət işləyirsə, müəllimlərin əksəriyyəti savadsızdırsa, bu günlə ayaqlaşa bilmirsə, zatən nisbi olan “yaxşı və pis”i bir-birindən ayıran intellekt nəyə lazımdır?
Bəyəm vızdrama`da daha səviyyəli tamaşalar gedir? Məndən olsa ölkədəki bütün aktyor və rejissorlarımızı Daşkəndə aparardım, onlara “İlhom” teatrının tamaşalarını göstərərdim… Daşkənd niyə? Bilet alıb getsinlər Gürcüstana – “Freedom” teatrının tamaşalarına baxsınlar. Yaxşı, getməyə vaxt yoxdursa, bir peyk antennası alıb “Mezzo” kanalına baxsınlar… Buna da gücləri çatmır? Hmmm…, deməli pulları yoxdur. Bu kimin günahıdır? Dövlətin? Dövlət niyə teatra qayğı göstərməlidir? Teatr axı ictimai hadisədir! Teatr özü tamaşaçı hazırlamalı, onunla canlı kontakta girməli, onu maraqlandırmalı, əvəzinə bilet satmalı və özünü saxlamalıdır. Daha bunu edə bilmirsə nəyə lazımdır teatr? Bəyəm dövlət “Parni iz Baku”ya, ya da “Bu şəhərdə”yə qayğı göstərir? Hətta göstərirsə belə, gərəksiz köməkdir, çünki bu teatrlar xalqla təbii kontakta giriblər, onlara tələb, onların da təklifləri qarşılıqlı olaraq həll olunur və bəyənilir!
Dövlət… Dövlət o dövlətdir ki, sifariş verdiyi tamaşa musiqisinə görə bəstəkara 170 manat honorar verir!
Ondansa gedib toyda sintezator çalaram – ona tələb də var, daha yaxşı honorar da var, hörmət də var, izzət də var!

 

http://kultaz.com/2008/02/23/azerbaycan-teatri-haqqinda-%e2%80%9chumanitar-isler-uzre%e2%80%9d-qeydler/ 


manıs     Fevral 29, 2008 6:26
Şərhlər(0)    74 oxunma
Köşələr    

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

The Original Myspace Map
manıs
Ermənilər barədə - DÜŞMƏN KİMDİR?







  • İndi blogda: 18
  • Keçən ayın hiti: 2665
  • Dünənki hit: 84
  • Bugünki hit: 39
  • Ümumi hit: 16246


  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com