Reklam verin!
Düşündüyümüz dilimizdədir!

 khnql 

Murad Köhnəqala

Milli fal

 Bu yaxınlarda əlimdə qəzet metroda gedirdim. Qoltuğunda qeyri-müəyyən papka, əynində bahalı kostyum, boğazında al-yaşıl qalstuk, üzü səliqə ilə qırxılmış, manıs bığlı dombaqarın bir kişi mənə tərəf yaxınlaşdı və əlimdəki qəzeti bir dəqiqəliyə ona verməyimi rica etdi. Fikirləşdim ki, bu boy-buxunla, bu papka-geyimlə kişi ən azı universitetlərin birində dərs deyir. Dərs demək nədi, aşağısı rektordu. Sonra fikrimdən döndüm, rektor hara, metro hara? Onlar “cip”də-zadda gəzirlər. Ola bilər, bu kişi muğam ustasıdı, görmürsənmi, üst dodağının lap qurtaracağında nazik bir bığ çəpəri var. Yox əşi, manıs hara, papka hara?..

Özü də onlar heç vaxt əllərinə siyasi qəzet almazlar, çünki birbaşa, gözüyumulu xarici və daxili siyasəti dəstəkləyirlər. Bu kişi, bəlkə də təzə bir partiya təsis eləyib, papka, kostyum, qalstuk - hamısı düpbədüz uyğun gəlir. Yox, insafla danışsaq, partiyası nə qədər xırda və yeni olsa da sədrlər səhər-səhər siyasi qəzetləri ən azı gözdən keçirirlər. Bu da qəzeti məndən aldı, demək o da deyil. Bay, tapdım əə! Bu ya yazıçıdı, ya da şair! Papka, qalstuk, kostyum, manıs bığı, qəzet istəmək? Dayan, dayan, bu heç yazıçı da deyil, çünki ölkədə 3-5 yazıçı var, onların da hamısını tanıyıram. Bu şairdi! Dəqiq! Özü də yüz faiz Yazıçılar Birliyinin üzvüdür. Çünki, orada 1500-ə yaxın şair birləşib qafiyə oynadırlar. Hə, gördün, adamı necə tapırlar? Yenicə sevinirdim ki, şükür sənə, ilahi, nəhayət ki, şair-ziyalı da əlinə müxalifət qəzeti alarmış. Bu fikirlərin mənə gətirdiyi xoşbəxtliyi yenicə yaşamaq istəyirdim ki, bıy, manısbığ kişi neyləsə yaxşıdır? Arxa səhifəsindəki ulduz falını oxuduqdan sonra qəzeti böyük minnətdarlıqla özümə qaytardı. Həə, elə oradaca ağlıma gəldi ki, xalqımızın şairlərinə, yazıçılarına, manıslarına, ziyalılarına öz milli ulduz falımızı çatdırmaq lazımdır. Bu gün qəzetlərin və televiziyaların istinad etdikləri Hind, çin, ya da ki, Yapon ulduz fallarıdır. Ola bilməz ki, durmadan iqtisadi sıçrayışlar eləyən bir ölkənin milli ulduz falı olmasın. Axundov kitabxanasının arxivində bir balaca eşələnən kimi hər bir millətin falından daha zəngin öz milli ulduz falımızı dərhal tapdım. Artıq öz milli falımızdan istifadə etməyin vaxtı çatmışdır. Onu da qeyd etməyi özümə borc bilirəm ki, bizim fal yadellilərdəki kimi 12 yox, 6 heyvan üstündə bərqərardır.

Eşşək

Bu ulduz altında doğulan insanlar çox qaba olurlar. Onlar mobil telefonla danışarkən ucadan qışqırar, konturun çoxusunu mənasız hal-əhval soruşmağa sərf edər. Məsələn, “özgə nə var-nə yox, daha nə var-nə yox, başqa nə var-nə yox, evdə-eşikdə salamatçılıqdırmı, balalar nətəridi, can-baş nətəridi, özgə sözün-qulluğun, nə qulluq eləyim” və s. Eləcə də hər yerdə ucadan gülərlər. Eşşəklər yemək yeyəndə tez-tez gəyirər, əsnəyəndə çənəsi imkan verənə qədər ağızlarını açarlar. Onlar həm də əsnəyə-əsnəyə danışmağı sevirlər. Gülüşlərinin gözünə bir az anqırtı da qatırlar. Bu bürc altında doğulan dişi və erkək eşşəklər dişlərini yumağı xoşlamazlar. Qalstuk taxan eşşəklərin, bir qayda olaraq, qastukları zövqsüz və kirli olar. Onlar yaşadıqları ölkədə istənilən haqsızlığa əzmlə dözə bilirlər. Erkək eşşəklərin nikahı dişi eşşəklərlə və dişi toyuqlarla möhkəm tutur. Eşşəklər çox vaxt insan olduqlarını da unuda bilirlər. Onlara müxtəlif peşələrdə rast gəlmək olar. Bir dəfə düşdüyü bataqlığa bir neçə dəfə düşə bilirlər.

Qoyun

Oğlan qoyunlar və qız qoyunlar, adətən televizora bərk inanırlar. Oğlan qoyunlar, bir qayda olaraq, metro vaqonlarında qapının ağzına yığılar, mobil telefonlarını müqayisə edər, telefona yazdıqları bayağı nəğmələrə, ağlaşma mahnılarına qulaq asarlar. Tələbə qoyunlar pulsuz imtahan verməzlər, daha doğrusu, bunu özlərinə heç sığışdırmazlar. Qoyun qızlar da hind kinolarından və teleseriallardan təsirlənərək tez-tez ağlayarlar. Onlar öz istəklərini ocaqlardan, pirlərdən və qəbirlərdən diləyərlər. Qoyun oğlan və qızlar bahalı paltarlara, bahalı mobil telefonlarla və ağ “nolyeddi jiquli”yə meylli olsalar da, elmlə nifrət edərlər. Dişi qoyunları valideynləri kimə verərsə ona da ərə gedərlər və çoxlu döl verib xoşbəxt olarlar. Qoyunlar həmişə həyatdan razı görsənər, cəmiyyətdə baş verən istənilən ictimai-siyasi hadisələrə baş qoşmazlar. Yas yerlərində onlar həmişə bir yerə yığılar, toylarda isə çoxlu oynayarlar. Qoyunların nikahı tısbağa və tula ilə möhkəm olur.

Tula

Bu ulduz altında doğulanlar adətən yaltaqlığa meylli olurlar. Tulalar nə vaxtsa öz halal haqqını tələb eləyəndə istər-istəməz quyruqlarını bulayırlar. Ulduzlar söyləyir ki, kişi tula qadın tuladan daha məharətlə yaltaqlana bilər. Onlar yaltaq olduqları qədər də qəddar olurlar. Tulalar həmişə yaltaqlandıqları obyekti bir-birinə qısqanır və öz aralarında düşmənçilik yaradırlar. Əksər hallarda tulalar yaxşı yaşayır, varlanırlar. Onlar şirindilli yaraşıqlı və hətta natiq olurlar. Həm də hədsiz dərəcədə qorxaq olurlar. Kişi və qadın tulalardan məhkəmələrdə üzə durmaq üçün çox geniş istifadə edilir. Onlar televizor ekranlarında görünməyi, uzun-uzadı danışmağı sevərlər. Tulaların eşşək və qurbağa ilə nikahları ailə səadətinə gətirib çıxara bilir. Ancaq iki tula ailə qurarkən onların həyatı daim ziddiyyətlə müşayiət olunur.

Qurbağa

Bəri başdan deyək ki, qurbağalar zahirən təmizkar, səliqəli olurlar. Buna görə də onların eşşəklərlə dostluğu heç vaxt alınmır. Qurbağalar özlərinə vurğun olur, danışarkən hər cümləsində bir neçə dəfə “mən” sözü işlədir. Qadın qurbağalar yağlı yeməklər hazırlamaqdan zövq alır, həm də yağlı yeməyi sevirlər. Onlar bir qayda olaraq kök olur, yeyəndə ağızlarını marçıldadır, həyatdan yalnız yeməklə zövq alırlar. Kişi qurbağalar fağır, üzüyola, əməksevər, ailəcanlı və kök olurlar. Dişi və qadın qurbağaların hər ikisi yatanda xoruldayar və fısıldayarlar. Sifətdən nə qədər səliqəli görünsələr də, onlardan həmişə pis iy gələr. Qadın qurbağalar çoxdanışan, kişi qurbağalar isə nisbətən azdanışan olurlar. Ictimai-siyasi həyatla maraqlanmazlar, elmi, kitab oxumağı sevməzlər. Onlar kor-koranə vətənpərvər və paxıl olurlar. Qurbağalar tısbağa və qoyunla xoşbəxt ailə həyatı yaşaya bilirlər.

Toyuq

Bu ulduz altında doğulan kişi toyuqlar həmişə iri qarınları ilə fəxr edərlər. Ictimai yerlərdə, xüsusən metro və avtobuslarda onların qoltuqlarının altından gələn qıcqırmış tər iyi salonu ağzına götürər. Onlar “çörəkpulu” sözünü tez-tez işlədərlər. Adamlara mənasız məsləhətlər verməyi xoşlayarlar. Erkək və dişi toyuqlar bazarda bir metr yer alıb alver edərkən çox xoşbəxt olurlar. Onlar alıcıları utanmadan aldada bilirlər. Yaşadıqları ölkədə nələr baş verir, onların vecinə olmaz. Axşam yatar, sabah bir də bazara qaçar, beləcə ömür sürərlər. Infeksiyalı yerlərdə oturub yemək yeməkdən mədələri həmişə xəstə olar, ağızlarından pis iy gələr. Onlar kitabı cırmaqdan xüsusi zövq alırlar. Paxıl və hiyləgər olurlar. Yaltaqlığı həmişə ehtiyatda saxlayırlar. Toyuq qadınlar küllənərək hər gün paltar yuyub sərsələr də, uşaqlarının üst-başı yenə də kirli olur. Onlar oturduqları yerdə həmişə nəsə yeyər və bol-bol şükranlıq edərlər. Yas yerlərinə getməyi xoşlayarlar. Toyuqlar eşşəklərlə evlənəndə çox xoşbəxt olurlar.

Tısbağa

Tısbağalar yalançı və gopbaz olurlar. Satqınlıq onların əsas şakəridir. Onlar həmişə hiss etdirmədən ətrafdakıları güdür, kompramat toplayır və şayiələr yayırlar. Heç bir təhqiramiz söz onlara təsir etmir. Tısbağalar çox arsız olurlar. Həyatda onların heç vaxt dostu olmur. Hər cür cildə girə bilir, lazım olarsa ağıllı, şirindil bir insana, yaxud zəhərli bir ilan kimi qorxulu məxluqa çevrilə bilirlər. Onlar ən yaxın adamına belə, qəfildən mənəvi zərbələr endirə bilirlər və bundan xüsusi zövq alırlar. Tısbağalar hətta lazım olmayanda belə yalan danışır, tez-tez and içirlər. Digər bürclərdən fərqli olaraq bu ulduz altında doğulanlar elmə nifrət etsələr də, yaşadıqları ölkənin ictimai-siyasi vəziyyətini izləyirlər. Tısbağalar, adətən, yüksək vəzifə sahiblərinin hörmətini qazanar və onların himayəsi altında ömür sürərlər. Qadın tısbağalar da, adətən, pozğun və adamşərləyən olurlar. Allaha and içə-içə şeytana qulluq edərlər. Tısbağaların tulalarla nikahı babat olur. Unutmayın ki, Tanrı bütün ulduzlardan ucada dayanıb.

Azadlq Qəzeti


Bookmark and Share

Açar sözlər:

Yazar: manıs | Tarix: Mart 16, 2008 15:13 | Köşələr | Şərhlər(1) | Baxış sayı: 94

Şərhlər

1
Ruzigarim yazıb:

lol Çox maraqlıdır. Amma yəni bizdə yaxşılar yoxdur? Bir qədər optimistm olmaq lazımdır.
Mən millətimi sevirəm. Bir bu manqurtları sevə bilmirəm.

May 14, 2008 2:04

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha