Adətən Avropa ölkələrinin birində “Azərbaycan Mədəniyyət(sizliy?)i Günləri”, ya da Dünya Azərbaycanlılarının (hansısa) Kongresinin qurultayı keçiriləndə orada mədəniyyətin təbliği adı altında konsertlər və digər tədbirlər keçirilir. Bu konsertlərə və tədbirlərə əsasən kimlər aparılır, fikir vermisinizmi? Muğam triosu, hansısa lokal musiqi alətinin ifaçısı, əcaib-qəraib rəqslər oynayan kollektivlər və s. Xülasə, az-az istisnalar çıxılmaq şərtilə əsasən folklor nümunələrimizi göstərməyə meylliyik.
Əvvəlcə gəlin müəyyənləşdirək ki, bir toplumun mədəniyyəti deyəndə nəyi nəzərdə tuturuq? Razıyam, çox ciddi, böyük sualdır və bunu dilimizdə hələ də dəqiq adı tapılmadığından “köşə” adlandırılan kiçik formalı yazılarda həll etməyi iddia etmək gülünc görünərdi. Hələlik qısa olaraq “bir toplumun mədəniyyəti - onun tarixin müəyyən kəsimində əldə etdiyi maddi və mənəvi dəyərlər sistemidir” formasında düstur deyək və yolumuzu davam edək.
Bizim - tarix səhnəsinə ötən əsrdə çıxmış bir xalqın əldə etdiyi hansı maddi və mədəni dəyərlər sistemi ola bilər? Folklormu? Gəlin, folklorun nə olduğu barədə düşünək. Mədəniyyətdə folklorun yerini arayarkən buna ən gözəl analogiya kimi təbiətdəki yabanı bitkiləri misal çəkə bilərəm. Məsələn, qanqal, böyürtkən və s. Onları əkib-biçmək üçün heç bir əlavə enerji sərf etmək gərək deyil, düzlər doludur qanqalla, böyürtkənlə. Bunu əldə etmək üçün böyük mənada elm və bilik sərf etmək lazım olmadığı kimi, folkloru da yaratmağa xüsusi istedad və intellekt, hətta savad lazım deyil. Və istənilən Afrika, Asiya ölkəsinin folklor ifaçısı ilə bir az söhbət etsək, görəcəyik ki, sadə, gözəl, səmimi insandır, amma xüsusi erudisiyası ilə kütlədən o qədər də fərqlənmir. (İstisnalar qanunauyğunluğu dəyişmir.)
O zaman hansısa şəhərdə keçirilən Elmi-Texniki nailiyyətlər sərgisinə qanqal aparıb nümayiş etdirməklə, hər hansı mötəbər konsert salonuna folklor ifaçısını aparmaq arasında prinsipial fərq varmı? Yaxşı, bəs qanqalı laboratoriyada istifadə olunan vakuumlu şüşə balonda nümayiş etdirməklə, folklor ifaçısını kostyum-qalstukda səhnəyə çıxarmaq arasında necə?
Biz sanki bütün yüksək cəmiyyətlərin və onlarda yaranmış sənətlərin acığına inadla folklorumuzla fəxr etməyə, onu “necə qoruduğumuzu və sevdiyimizi” nümayiş etdirməyə israrlıyıq. Bu yaxınlarda Kanadada yaşayan, özünə azərbaycanlılar deyən insanların “Folklor kursu” yaratdıqları barədə məlumat oxuyanda tüklərim biz-biz oldu. Axı, orada yaşayan gənc balalarımıza bayatı öyrətməkdənsə fizika, fəlsəfə, proqramlaşdırma öyrətsək daha yaxşı olmazdımı? Ümumiyyətlə, “Folklor kursu” nə deməkdir? Folklorun kursu olmaz, əzizlərim... Folklor təbii surətdə, ona münbit şərait yarandıqda və ona təbii ehtiyac hiss olunduqda inkişaf etməlidir. (Və zatən inkişaf edir.) Daha Kanadada yox!
Qayıdaq xarici ölkələrdə keçirilən tədbirlərdə bizimkilərin iştirakına.
Əcəba, bir xarici ölkəyə tərkibi iki sazçalan, bir balabançalandan ibarət trio getsə yaxşı olar, yoxsa proqramı əsasən Üzeyir Hacıbəyovun, Qara Qarayevin əsərlərindən ibarət Simli Kvartet? Təbii, hərəsinin öz dinləyicisi var. Afrikada yaşayan yamyamların folklorunun da qərbdə öz dinləyiciləri az deyil. Amma bizə hansı dinləyici lazımdır? Afişada “Azərbaycandan gəlmiş Simli Kvartet” yazısını görərək konsertdə iştirak eməyə çalışan, yoxsa “Aşıq Məmmədqulunun ifasında Azərbaycan folklor musiqisi” yazısını görən dinləyici? Şəxsən mən İndoneziyadan gələn gamelan ifaçısının konsertində iştirak etməkdənsə, eyni ölkədən gələn simfonik orkestri dinləməyi üstün tutaram. Çünki Avropada yaranan klassik musiqi, eyni qitədə yaranan digər elmi-texniki və artistik vasitələr qədər dünyada bir etalona çevrilib. Buna görə də hər bir ölkənin klassik musiqidəki səviyyəsi onun elmi-texniki inkişafı ilə düz mütənasibdir. Bu gün dünyadakı ən güclü simfonik orkestrlər ən qabaqcıl ölkələrdədir - Londonda, Berlində, New-Yorkda, eləcə də Tokioda və Seulda! Folklor isə hər yerdə folklordur - bütün qitələrdə və cəmiyyətlərdə. İnsanlar doğularkən nə qədər bərabərdilərsə, folklorları da - təbii xalq yaradıcılığı da o qədər bərabərdir. İnsana dərisinin rənginə görə qiymət vermək ayıb olduğu qədər də, folkloruna görə dəyərləndirmək ayıbdır. Yaxud bir insan ya dərisinin rənginə görə özünü başqalarından üstün tutdu, ya da folkloruna görə - eyni şeydir - hər ikisi rasizm sayılır!
İnsanlar bir-birlərindən öz savadlarına və bundan əldə etdikləri tərəqqiyə görə fərqlənirlər - xalqlar da eləcə! Əgər biz başqa ölkələrdə mədəniyyətimizi nümayiş etdirmək istəyiriksə, elm, texnika və savad nəticəsində əldə etdiyimiz dəyərlərimizi nümayiş etdirməliyik.
http://almaqezeti.com/?mod=view&id=3123
Açar sözlər:
Şərhlər
ooo görürəm klassikadan xoşunuz gəlir, mənim çox dinlədiyimlə bölüşürəm:
http://youtube.com/watch?v=LwaHxmwnhKo



Belə bir şey var necə ki bəzi kişilər mülkiyyəti olmadığı halda qadınını 5-6 uşaq doğmağa məcbur etməklə şüaraltı mülkiyyətə malik olurlarsa,
İyul 16, 2008 4:26indi bizdə də bu böyük balaca adamlar "zəngin" folkloru Avropada nümayiş etdirməklə milyonlarla balaca adamın gözünü və təfəkkürünü şüuraltı "doydururlar".
Manıs maraqlı blog açmısan, yəqin bu balaca adamlar sənə də söyüş yazırlar, çünki mən açdığım bloga yazırlar.
www.yaislam.azeriblog.com