Feodalizm sözünün kökü latın dilinə sonradan gəlmiş “feodum”-dan yaranmış “feod” sözündən götürülüb. Orta əsrlər Batı Avropasında ağalar öz vassallarına torpaq sahələri və bu sahələrin üzərində gəzişən canlıları hədiyyə formasında icarəyə verir, əvəzində onların üzərinə bəzi mükəlləfiyyətlər qoyurdular. Məsələn, ağa başqa bir ağanın üzərinə hərbi yürüşə çıxsa feod verilmiş vassal artıq hazır hərbi dəstələrlə onun ordusunda vuruşmalı idi və s.
1789-cu il Böyük Fransız inqilabından sonra yaranmış “feodalizm” termini inqilabdan öncəki - dolayısı ilə kral və kilsənin hakim olduğu quruluşa aid edilməyə başladı. Romanın barbarlar tərəfindən işğal edildiyi 5-ci əsrdən başlamış Orta Əsrlər dövründə hakim sosial sistem kimi Feodalizm nəzərdə tutulur.
Feodalizmdə sistemin əsas xüsusiyyətləri:
1. Hakimiyyətin şəxsi əlaqələr vasitəsilə bölünməsi. Məsəl üçün, krallıqda bütün vəzifələr kralın yaxın qohumları və tanışları arasında bölünürdü: saray eşikağası, vəzirlər, vəkillər, onların köməkçiləri və s. Beləliklə, bu ierarxiyada təsadüfi adamlar təsadüfən qeydə alına bilərdi - bir şərtlə ki, o, (dövlətə deyil!) krala sədaqətli olsun. Sarayda işləyən hər hansı işçinin - məsələn, aşbazın istənilən yaxın qohumu da öz qonşuları, dostları arasında hörmətə layiq idi. Tutalım, aşbazın qardaşının qonşusunun oğlu adam öldürsəydi, qatilin cəzasının yüngülləşdirilməsi üçün atası aşbazın qardaşına hədiyyə (rüşvət) verir, o hədiyyə isə aidiyyatı üzrə (aşbazın qardaşı aşbaza, aşbaz darğanın köməkçisinə, köməkçi də darğaya) çatdırılırdı. İnsanlar bunu çox təbii qarşılayırdı - çünki, orta əsrlərdə savadlılıq (xüsusilə də ictimai savad) dərəcəsi çox az idi.
2. Hüquqi bərabərliyin olmaması. İnsanlar Orta əsrlərdə bərabər deyildilər. Məhkəmə sisteminin adı olsa da, orada ədalət çox az-az hallarda qələbə çalırdı. Kimsə krala və onun siyasətinə qarşı etirazda bulunmağı düşünsə və bu fakt ortalığa şıxsaydı, o adam elə itərdi ki, heç izi-tozu da qalmazdı. Bu repressiv üsul-idarə toplumda vahimə yaradır və insanları “kralla krallıq etmək olmaz” kimi ümumi rəylərə gətirib çıxarırdı. Nəinki insan, hətta mülkiyyət toxunulmazlığının səviyyəsi o qədər aşağı idi ki, tutalım, kralın qaynının xalası nəvəsi öz həyətini genişləndirmək istəsəydi, sakitcə öz qonşularını qovar, razılaşmayanı öldürər və ona da gözün üstə qaşın var deyən olmazdı. Çünki, o dövrlərdə İnsan Hüququ deyə bir anlayışın heç qoxusu da gəlmirdi. İnsanlar “özləri özlərini idarə etmək barədə” isə heç düşünmürdülər də. Ölkəni və insanları mütləq konkret bir nəsil və onların yaxın adamları idarə etməli idi...
3. Cəngavərlər. Orta əsrlərdə əksər uşaq və gənclərin arzusu cəngavər olmaq idi. Kralın cəngavərləri ona sədaqət andı içir, xarici yürüşlərdə onu müşaiət edirdilər. İlk dövrlərində xeyirxahlıq mücəssəməsi sayılan, din yolunda qan axıdan, məzlumların köməkçisi, romantik cəngavərlər sonradan kralın xalq üzərində qorxu yaradan əsas aparatlarından birinə çevrildilər. Beləliklə, xarici savaşlar olmayanda cəngavərlərin əsas gəlir yeri mülki əhalinin üzərində repressiv aparatın bir başqa - silahlı sifətini göstərmək oldu. Silah-sursatlı cəngavər istənilən (kralla birbaşa və ya dolayısı ilə yaxınlığı çatmayan) vətəndaşdan istədiyini ala, tutub həbsə ata, döyə, öldürə bilərdi. Kral isə ümumiyyətlə, bu işlərə baş qoşmurdu. Çünki, cəngavər ordenləri ilə problem hətta onun öz taxtını belə, itirməsi ilə nəticələnə bilərdi.
“Yaxşı cəhətlərini götürüb də pis cəhətlərini atmalı olduğumuz” (nə sırtıq və iyrənc fikirdir) Avropa 17-18-ci əsrlər boyunca “BİZ ÖZÜMÜZ ÖZÜMÜZÜ İDARƏ ETMƏK İSTƏYİRİK!” (bu fikrə isə necə hörmət etməmək olar?) deyə hayqıraraq, dini hakimiyyəti şəhərin bir məhəlləsinə sıxışdırıb, nəhayət Krallarının da başını kəsib, bu dövrü bitirdilər!
Açar sözlər:



Müasir Azərbaycan
Avqust 6, 2008 4:22