Reklam verin!
Düşündüyümüz dilimizdədir!

Şimaldakı qonşumuzun Gürcüstana qoşun yeritməsindən sonra dünyanın bir çox ölkələrində, eləcə də bizdə Rusiyanın bu hərəkətinə qarşı etiraz aksiyaları başlayıb. Təbiidir ki, artıq bu aksiyalar real həyatdan virtual həyata - internetə də keçid edib. Mənim də bir təklifim olacaq bu barədə, amma təşəbbüsümü yazının sonlarında oxuyacaqsınız. Hələlik isə Rusiya və özümüz barədə uzun zamanlardan bəri yaranmış fikirlərimi sizlərlə bölüşmək istəyirəm.

19-cu əsrin əvvəllərində, Rusiya-İran savaşının sonucunda ulu babalarımızın - protoazərbaycanlıların Rusiya təbəələrinə çevrilməsini bəxtimizin gətirməsi kimi yoza bilərikmi, əcəba? Axı bu işin, bu əməlin rəsmi adı işğal və ilhaq idi... Məncə o zamanlar Rusiyanın niyyəti burada məktəb açmaq, geridəqalmış cəmiyyəti irəliyə aparmaq deyil, sadəcə öz geopolitik maraqlarını həyata keçirmək idi. Niyyət bir yana dursun, heç bəhanə də bu deyildi axı... Bəs necə oldu ki, bu işğaldan bizə paradoksal xeyir gəlməyə başladı?

Gəlin öncə bu xeyirin nə zaman gəlməsinə diqqət edək. İşğalın ilk günlərindən, hətta illərindənmi başladı bu? Təbii ki, yox! Məsələ burasındadır ki, işğalın üzərindən keçən onilliklərdən sonra Rusiyada aydınlanma hərəkatı yayıldı. Bu zaman rusiyalı ziyalıların təzyiq və təsiri ilə imperiyanın müxtəlif şəhər və kəndlərində məktəblər açılmaqla ucqar ərazilərə belə elmin şüaları toxundu. Bir şeyi də əsla unutmayaq; kənd-kəsəklərimizə qədər gələn bu şüanın mənbəyi də əslində Rusiyanın özündə deyil, ondan qərbdə yerləşən məmləkətlərdə idi. Qaranlıq şəhər və kəndlərimizi işıqlandıran şüalar Qərbdəki elm və təhsil Günəşinin saçdığı işığın Ay kimi soyuq şimal şəhərlərindəki inikası idi sadəcə. O zamanlar Atlantik okeanının sağ sahillərindən gələn küləklər Alp və Karpat dağları boyunca şimala əsir, orada St. Peterburq şəhərinin möhtəşəm binalarına çırpılaraq üzü güneyə yönəlirdi...

Beləliklə, 19-cu əsrin ortalarından başlayaraq Rusiyada yaranan aydınlanma hərəkatı ölkənin demək olar ki, bütün şəhərlərini bürüdü. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində bizim də içimizdən ağlagəlməz sayda aydın insanlar yetişməyə başladı. Bəli, fikir versək görərik ki, ilk fikir adamımız sayılan böyük M.F.Axundovdan başlayaraq aydın insanlarımızın sayı həndəsi silsilə üzrə artmağa başladı - cəhalət içində boğulan, hələ xalq vahidi şəklinə uzun müddət sonra düşəcək aqrar bir toplum üçün bu say həqiqətən də çox idi! Bir daha xatırladım; bu məhz işğalın sayəsində oldu! Demək ki, işğaldan da xeyir gələ bilər! Burda kiçik, amma mühüm bir şeyi də qeyd edim: Rusiya işğalı baş verməsəydi, biz İran tərkibində qalacaqdıq və o zaman İrandan qoparılmış bu kiçik ərazidə yaşayan insanların İranın sonrakı tarixində böyük dəyişikliklərə imza atacağını da düşünmürəm! Daha sadə dillə desək, biz İran tərkibində qalsaydıq, İranın bu günkü tarixini, mədəniyyətini, siyasi və ictimai həyatını da paylaşacaqdıq. Deməli, digər variantımız İran idi. Çox gözəl.
Onda biz Gürcüstan və Ukraynanı niyə başa düşməməliyik? Axı bir zamanlar İran bizim keçmişimiz olduğu kimi, Rusiya da indi onların keçmişidir. 19-cu əsrin əvvəllərində ulu babalarımızın düşdüyü situasiyadan fərqli olaraq onların, həmçinin bizim bu gün bir seçim şansımız var. Onlar öz gələcəkləri kimi Qərbi seçirlər! Biz...

Gürcüstan, ya da Ukrayna nəyə görə yenidən Rusiyaya “bəli-bəli” deməlidir? Axı bu gün onların, elə bizim də qarşımızda daha yaxşı, ən azından cəlbedici variant - Qərbə inteqrasiya variantı var! Axı bu gün bizim elm və təhsili orijinal mənbədən - Qərbdən alma şansımız var... O zaman biz niyə geriyə, keçmişə qayıdaq? Razılaşmayanlar üçün xatırladım: bu dediklərim Rusiyadan bizə gələn xeyirlərə qarşı nankorluq deyil. Əsla! Hətta “Elmlər Akademiyası” metro stansiyasındakı buz salxımları şəklindəki çilçıraqlar da elm və təhsilin bir zamanlar bizə soyuq ölkədən gəlməsini sübut edir!
Amma bu günkü reallıq başqadır, xanımlar və cənablar!

İnsan hüquqlarına barmaqarası baxan, öz vətəndaşının arxasında tam səmimiyyəti ilə durmayan, onun sosial problemlərini həll edib, bitirməyən ölkənin başqalarının işinə qarışması əsla alicənab hərəkət deyil! İnformasiya və kommunikasiya, eləcə də savaş texnologiyalarının, bu dərəcədə inkişaf etdiyi bir dövrdə “yaxın qonşu uzaq qohumdan yaxşıdır” misalı “əvvəl evin içi, sonra çölü” misalına nisbətən aktuallığını çox itirib. Rusiya əvvəlcə öz daxili (xüsusilə də sosial və insan hüquqlarına dair!) problemlərini həll etsin; o, yalnız bundan sonra başqalarını öz səmimiyyətinə inandıra bilər! Şəxsən mən öz uşağını saxlaya bilməyən valideynin başqa uşaqlara göstərdiyi qayğının səmimiyyətinə inana bilmərəm!
Rusiya və özümüz barədə bu qədər.

İndi keçim əvvəldə haqqında bəhs etdiyim təklifə:
Hər hansı dostumun, tanışımın elektron poçtunun “.ru” domeini ilə bitməsi məni həmişə təəccübləndirib. Xüsusilə də bu tanınmış şəxlərin elektron poçtuna quyruq olanda, lap məəttəl qalıram. (Etiraf edim ki, mən də bir dəfə məcburiyyət qarşısında “.ru” ilə bitən bir elektron poçt ünvanı qeydiyyatından keçmişəm, amma onu istifadə etmirəm və həmin saytın adminstrasiyasından başqa heç kim o ünvanın varlığından xəbərdar deyil.)

Bu gün Rusiya öz keçmiş vətəndaşlarını həm də virtual dünyada geri qaytarmağa, onları “.ru” e-poçt xidmətləri ilə birləşdirməyə çalışır. Etiraf edək ki, bu işi heç də pis bacarmır. Bu arada, oxuculardan kimin gürcü dostları varsa, onların e-poçt ünvanlarını xatırlasın, lütfən... Görün onların neçəsinin “.ru” ilə bitən e-poçtu var? Bu sizə heç nə demir?

Hər şey bir qırağa, axı virtual dünyada daha məqbul, daha maraqlı, ən azından daha TƏHLÜKƏSİZ elektron poçt xidmətləri var... Əlbəttə, bir xeyli insan bunu ingilis dilini bilməməklə izah etməyə cəhd edir. Amma bu inandırıcı deyil. Çünki, artıq “send”, “inbox” kimi ingilis sözcükləri terminə çevrilməyə başlayıb. Bu bəhanə heç məntiqli də deyil; ingilis dilini bilmirsənsə, heç olmasa o e-poçt xidməti vasitəsilə 3-4 dənə söz öyrənə bilərsən... “Öyrənmək də istəmirəm” deyənlər varsa, heç olmasa öz e-poçt xidmətlərimizdən istifadə etsinlər, burada ki, dil öyrənməyə gərək yoxdur...
Bundan başqa, artıq elektron poçtlara elə dizayn verməyə çalışılır ki, yazışmalar zamanı istifadə daha rahat, əlverişli, hətta intiutiv həyata keçirilsin.

Ən azından, bu elektron poçt məsələsini başqaları yaradıb axı, heç olmasa bu sahədə orijinaldan istifadə edək!

Beləliklə, yazını oxuyan və qismən də olsa razılaşan bütün dostları, əgər istifadə edirsə, “.ru” ilə bitən elektron poçtlardan imtinaya çağırıram. Dostlar, keçmişimizdən bütün sahələrdə qurtulmağı bacaraq...
Lütfən, Qərbə doğru addımlayaq.

http://news.qaynar.info/?mod=view&id=17133


Bookmark and Share

Açar sözlər:

Yazar: manıs | Tarix: Avqust 24, 2008 3:38 | Köşələr | Şərhlər(1) | Baxış sayı: 65

Şərhlər

1
Ilkin yazıb:

Hormetli Firidun bey!Yazınızın 90%-in bəyəndim.Çox gözəı tarixi analiz aparmısınız.Həqiqətən də çox xoşuma gəldi və münasibət bildirməmək eyib olardı.Hər şeyi bəyənməsinə bəyəndim amma bu -ru-məsələsini çox mənasız bir irad sayıram qardaş.Düzdür bu bir növ etirazın təcəllasıdır amma şəxsən mənə görə bu qədər şişirdiləcək burda bi şey yoxdur.
Ancaq yazınızın bir sözlə yeri var! smile

Sentyabr 9, 2008 3:47

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha